DÜNYA
ABŞ-da Çindən göndərilən yarım tonadək donuz əti qaçaqmalçılığının qarşısı alınıb
Vaşinqton, 19 mart, AZƏRTAC
ABŞ-ın Gömrük və Sərhəd Nəzarəti Bürosu tərəfindən Nyu-Cersi ştatının Nyuark-Elizabet limanının dəniz terminalında Çindən göndərilən 453,5 kiloqram donuz əti qaçaqmalçılığına cəhdin qarşısı alınıb. Yarım tonadək donuz ətinin müsadirəsi – bu, ölkə tarixində ən iri qaçaqmalçılıq sayılır.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın Sahil Mühafizəsi, Narkotiklərlə Mübarizə İdarəsi, Nyu-York Polis Departamenti və Nyu-York ştatının polisi ilə birgə aparılan reyddə 50-dən çox nəqliyyat konteyneri yoxlanılıb. Daha əvvəl Gömrük və Sərhəd Nəzarəti Bürosuna ABŞ-a “Afrika taunu” xəstəliyi ilə yoluxan donuz əti məhsullarının göndərilə biləcəyi barədə məlumat daxil olmuşdu. Kənd təsərrüfatı üzrə baş mütəxəssis Vasili Liakakosun sözlərinə görə, donuz ətini digər məhsulların, o cümlədən əriştə və “Tide” markalı yuyucu vasitələrin qablaşdırılmasında keçirmək planlaşdırılıbmış.
“Afrika taunu” heyvanlar üçün ölümcül xəstəlik hesab edilir. Əgər xəstəliyə yoluxan məhsullar gömrükdən keçirilərək epidemiyaya səbəb olsaydı, o zaman il ərzində bu sahəyə 10 milyard dollar ziyan vurula bilərdi. Hüquq-mühafizə orqanlarının və ABŞ Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri təhqiqatı davam etdirirlər. Hələ ki, heç bir ittiham təqdim olunmayıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton