CƏMİYYƏT
ABŞ-da Ebola virusunun birinci qurbanı vəfat edib VİDEO
Xatırladaq ki, Dankan sentyabrın 20-də Liberiyadan Dallasa gəlib. 6 gündən sonra onun halı pisləşib, lakin tibbi müayinədən sonra o evdə müalicə olunmaq üçün xəstəxanadan evə buraxılıb. sentyabrın 28-də onun halı daha da pisləşib və onu təcrid edilmiş palataya yerləşdiriblər.
Bu gün isə Ebolanın ikinci potensial qurbanı aşkar edilib – Dallas polisinin serjantı Maykl Moninqin kəskin mədə ağrıları başlanıb. Məlum olduğu kimi, Dankan tibbi müayinə üçün xəstəxanaya yerləşdiriləndən sonra yerli səhiyyə orqanlarının nümayəndələri Zakari Tompson və Kristofer Perkins Dankanın mənzilinə gedərkən onları müşayiət etmək Moninqə tapşırılmışdı. Onlardan heç birinin qoruyucu kombinezonları yox idi. Tibbi ekspertlərin fikrincə, ehtimal ki, Moninq Dankanın mənzilində olarkən bu virusa yoluxub. Hələlik Moninqin diaqnozunu təsdiq edən məlumat yayılmayıb.
Oktyabrın 8-də ABŞ-ın Xəstəliklərə nəzarət və onların profilaktikası mərkəzinin administrasiyasının və ABŞ Milli Təhlükəsizlik Nazirliyinin gömrük və sərhəd nəzarəti Bürosunun birgə bəyanatı yayılıb. Bəyanatda bildirilir ki, virusun ABŞ-da yayılması potensialının qarşısını almaq üçün yeni tədbirlər görüləcək, o cümlədən Qvineya, Liberiya və Sverra-Leonadan ABŞ-a gələn sərnişinlərin hərarəti ölçüləcək, onların arasında sorğu keçiriləcəkdir. Bəyanatda göstərilir ki, Nyu-Yorkdakı Con Kennedi beynəlxalq aeroportu artıq bu şənbə günü tibbi skrininqə başlayacaq. Vaşinqtondakı Dalles, Çikaqodakı O’Hara aeroportları, habelə Nyu-Yorkdakı və Atlantadakı beynəlxalq aeroportlar isə müvafiq prosedurların icrasına gələn həftə başlayacaqlar.
Xatırladaq ki, Qərbi Afrikada Ebola virusundan ölənlərin sayı 3900 nəfərə çatıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton