DÜNYA
ABŞ-da Leninin nəşini satın almaq üçün 50 milyon dollar toplanıb
Bakı, 18 sentyabr, AZƏRTAC
ABŞ-da Vladimir Leninin nəşinin satın alınması məqsədilə 50 milyon dollardan çox vəsait toplanıb, layihə həm amerikalıların, həm də rusiyalıların geniş dəstəyini qazanıb.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə amerikalı rəssam Devid Datuna məlumat verib.
Bir qədər əvvəl Devid Datuna Vaşinqtonda Leninin mavzoleyinin oxşarının tikilməsi təşəbbüsü ilə çıxış etmiş və inqilabçının nəşini satın almaq istəyini bildirmişdi. Sonradan Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov layihəyə münasibət bildirərkən vətənini, tarixini və liderini satmağın yalnız satqınların işi olduğunu deyib.
“Rusiyanın bəzi siyasətçilərinin mənfi reaksiyasına baxmayaraq, layihə həm amerikalıların, həm də rusiyalıların geniş dəstəyini qazanıb”, - deyə rəssam qeyd edib. O, 50 milyon dollarlıq layihənin həmmüəllifi olmaq istəyənlərdən sutka ərzində onlarla təklif aldığını vurğulayıb.
Layihə müəlliflərinin sözlərinə görə, incəsənət obyekti ABŞ-da nəzərəçarpacaq dəyişikliklərə və Amerika cəmiyyətinin sosial-kommunist hərəkatına münasibətinə hesablanıb. Rəssamın fikrincə, yeni mavzoley hazırda prezident seçkiləri ərəfəsində daha çox tələb olunan dəyişikliklərin simvoluna çevrilə bilər.