DÜNYA


ABŞ-da Martin Lüter Kinq Günü qeyd edilir

Vaşinqton, 17 yanvar, AZƏRTAC

Bu gün ABŞ-da Martin Lüter Kinq Günü qeyd edilir.

Martin Lüter Kinq 1968-ci ildə snayper gülləsi ilə yaralanıb və bu yaradan xəstəxanada vəfat edib. Hər il yanvarın üçüncü bazar ertəsi günü ABŞ-da Martin Lüter Kinq Günü kimi qeyd edilir, onun ABŞ-da və bütün dünyada azadlığa və elmə verdiyi mühüm töhfələr xatırlanır. 2022-ci il yanvarın 15-də Nobel Sülh Mükafatı laureatı, irqçiliyə qarşı məşhur mübarizə Martin Lüter Kinqin anadan olmasından 93 il keçir.

AZƏRTAC xəbər verir ki, baptist keşiş və ictimai xadim Martin Lüter Kinq 1954-cü ildən ta 1968-ci ildə vəfatına qədər ABŞ-da qaradərili insanların vətəndaş hüquqları uğrunda hərəkatın ən tanınmış nümayəndəsi və bu hərəkatın lideri kimi məşhurlaşıb. Kinq vətəndaş hüquqlarının müdafiəsi uğrunda zorakılığa əl atmadan, vətəndaş itaətsizliyi, xristian əqidələri və Mahatma Qandinin təbliğ etdiyi qeyri-zorakı fəallıq vasitəsilə mübarizə aparmağın tərəfdarı kimi çıxış edirdi.

ABŞ-da federal bayram kimi qeyd edilən Martin Lüter Kinq Günü bütün məktəblərdə, banklarda, ofislərdə və poçt bölmələrində qeyri-iş günü olur, Amerika telekanalları Kinqin 1960-cı illərdəki çıxışlarını translyasiya edirlər. Ənənəyə görə həmin gün kilsələrdə Martin Lüter Kinqin ruhuna dualar oxunur, onun həyatını xatırladan memorial mərasimlər keçirilir.

Bu ənənə 1986-cı il yanvarın 16-da başlanıb. Həmin gün Vaşinqtondakı Kapitolinin Böyük rotondasında Kinqin büstü qoyulub. İlk dəfə idi ki, qaradərili amerikalı bu şərəfə layiq görülürdü. Həmin il yanvarın 20-də isə amerikalılar ilk dəfə Martin Lüter Kinq Gününü qeyd ediblər.

Kinq azı 50 kollec və universitetin fəxri dərəcələrinə layiq görülüb. 1964-cü ildə Kinq ABŞ-da irqi ayrı-seçkiliyə qarşı qeyri-zorakı müqavimət hərəkatının lideri kimi ən gənc Nobel sülh mükafatı laureatı olub.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.