DÜNYA


ABŞ-da Nyu-Cersi ştatının sakini “Hizbullah”ın xeyrinə casusluqda ittiham üzrə həbs edilib

Vaşinqton, 20 sentyabr, AZƏRTAC

Nyu-York ştatının sakini, 42 yaşlı Aleksey Saab “Hizbullah” təşkilatına ABŞ-da terror hücumu məqsədilə istifadə edilə biləcək informasiya toplamaqda ittiham üzrə saxlanılıb.

AZƏRTAC Amerika KİV-lərinin Federal Təhqiqat Bürosunun nümayəndələrinə istinadla xəbər verir ki, Aleksey Saab xaricdə “Hizbullah” nümayəndələrinin yanında hazırlıq keçmiş və potensial terror hücumu üçün ABŞ-da bir neçə yeri müayinə edib.

FTB tərəfindən yayılmış ittihamnaməyə görə Saab “Hizbullah” dəstələrinə 1996-cı ildə Livanda qoşulub. O, İsrail qoşunlarına qarşı kəşfiyyat əməliyyatına cəlb edilib. FTB bildirir ki, Kalaşnikov avtomatı, M16 avtomatı və digər silah növləri ilə davranmağı öyrənmiş Saab partladıcı qurğular hazırlanması üzrə də təlim keçib. Saabın əvvəllər hazırladığı bombaların sxemləri FTB tərəfindən aşkar edilib.

Amerika KİV-lərində yayılan məlumata görə, Saab 2000-ci ildə ABŞ-a gəlib və 2005-ci ildə ABŞ vətəndaşlığı almaq üçün ərizə ilə müraciət edib. 2008-ci ildə Saab naturallaşdırılmış vətəndaş statusu alıb. Federal prokurorlar bildiriblər ki, Saab Livanda təlim keçməkdə davam edir, Nyu-Yorkda onlarca ərazini, o cümlədən Nyu-York Fond Birajasını, BMT-nin binasını, Azadlıq heykəlini, Rokfeller Mərkəzini, yerli aeroportları, tunel və körpüləri müayinə edib. Bildirilir ki, Saab Vaşinqtonda və Bostonda da buna oxşar kəşfiyyat əməliyyatları aparıb. Belə hədəflər arasında Kapitoliya binası və Vaşinqtondakı Linkoln memorialı da olub.

Saab terror təşkilatına maddi yardım göstərməkdə, xarici terror təşkilatında hərbi hazırlıq keçməkdə, beynəlxalq terrorizmə kömək məqsədilə materialların qanunsuz yolla alınmasında və başqa cinayətlərdə ittiham edilir.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.