DÜNYA
ABŞ-da Sendi-Huk faciəsinin qurbanlarının memorialı açılıb
Vaşinqton, 14 noyabr, AZƏRTAC
Konnektikut ştatında Sendi-Huk ibtidai məktəbində törədilmiş kütləvi qətllərin qurbanlarının memorialı açılıb. Abidə dəyirmi hovuzdan ibarətdir. Hovuzun kənarlarında 10 il bundan əvvəl Sendi-Huk ibtidai məktəbinin yaxınlığında qətlə yetirilmiş 20 nəfər birinci sinif şagirdinin və 6 müəllimin adları yazılıb.
AZƏRTAC xəbər verir ki, açılışı çoxdan gözlənilən memorial bazar günü açılıb. Ənənəyə görə, faciələrin ildönümü günlərini qeyd edərkən təntənəli çıxışlar nəzərdə tutulmur. Bu səbəbdən, memorialın rəsmi açılış mərasimi olmayıb.
2012-ci il dekabrın 14-də baş vermiş gülləbarandan sonra Sendi-Huk məktəbi sökülüb və onun yerləşdiyi ərazidə yeni məktəb tikilib.
Xatırladaq ki, Konnektikut ştatının Nyutaun şəhərindəki Sendi-Huk ibtidai məktəbində kütləvi qətl 2012-ci il dekabrın 14-də səhər törədilib. Həmin gün 20 yaşlı Adam Piter Lenza öz evlərində anasını güllələyəndən sonra bu məktəbə gələrək orada 6-7 yaşlarında 20 uşağı, 6 nəfər yaşlı adamı qətlə yetirib, daha 2 nəfəri yaralayıb və sonra intihar edib. Beləliklə, həmin gün Lenza 27 nəfərin ölümünə səbəb olub.
AZƏRTAC–ın Vaşinqton bürosu