DÜNYA


ABŞ-da aviaşou zamanı iki təyyarə toqquşub, ölənlər var VİDEO

ABŞ-da aviaşou zamanı iki təyyarə toqquşub, ölənlər var VİDEO

Vaşinqton, 14 noyabr, AZƏRTAC

Dallasda keçirilən aviaşouda baş vermiş hadisə nəticəsində altı nəfərin həlak olması ehtimal edilir.

AZƏRTAC Dallas şəhəri administrasiyasının rəsmi bəyanatına istinadla xəbər verir ki, “Dallas Executive” aeroportunda keçirilən “Wings Over Dallas” tədbirində İkinci Dünya müharibəsi dövründən qalmış qırıcı təyyarələrin nümunəvi uçuşu zamanı iki təyyarə havada toqquşub və parçalanıb.

Dallas dairəsinin hakimi Kley Cenkins deyib: “Hakimiyyət orqanları hadisənin təhqiqatı və həlak olanların tanınması ilə bağlı işləri davam etdirəcəklər. Xahiş edirəm, bu faciə zamanı həlak olanların ailələrinə və zərərçəkənlərin hamısına dua edin”.

Federal mülki aviasiya idarəsinin məlumatına görə, “Boeing B-17 Flying Fortress” və “Bell P-63 Kingcobra” təyyarələri yerli vaxtla saat 13:20 radələrində toqquşub və parçalanıb. Bombardmançı və qırıcı təyyarələrdə neçə nəfər olması hələlik məlum deyil.

Veteranlar gününə həsr edilmiş aviaşou “Commemorative Air Force” assosiasiyası tərəfindən təşkil edilib. Assosiasiyanın nümayəndəsi Lea Blok bildirib ki, onun ehtimalına görə, B-17 təyyarəsində beş nəfər heyət üzvü, birnəfərlik P-63 təyyarəsində isə bir nəfər heyət üzvü olub. Dallas meri Erik Consonun sözlərinə görə, şounun tamaşaçıları arasında zərər çəkən olmayıb.

AZƏRTAC –ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.