DÜNYA
ABŞ-da bir gündə təqribən 143 min COVID-19-a yoluxma faktı qeydə alınıb
Vaşinqton, 24 noyabr, AZƏRTAC
Cons Hopkins Universiteti tərəfindən bazar ertəsi dərc olunan məlumata əsasən Birləşmiş Ştatlarda gün ərzində COVID-19-a təqribən 143 min yoluxma və 1000-ə yaxın ölüm faktları qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, rəqəmlər bazar günü 142.700 yeni yoluxma halının qeydə alınmasını göstərir, nəticədə pandemiya başlanandan bəri ölkə üzrə yoluxmaların ümumi sayı 12,3 milyona çatıb. Noyabrın 10-dan başlayaraq, 2 milyon yeni yoluxma faktı müşahidə edilib. Noyabrın əvvəlindən indiyədək ölkə üzrə təqribən 25 min pasiyent ölüb.
Gündəlik ölüm hallarının orta sayı (1300 nəfər) son iki həftə ərzində 50 faiz artıb. “Stat” səhiyyə sisteminin təhlili saytına müvafiq olaraq, hazırda Birləşmiş Ştatlarda ümumilikdə koronavirusdan 256.800 ölüm faktı təsdiqlənib.
Göstəricilər bayram mövsümü sayəsində artmaqda davam edir. Federal səhiyyə orqanlarının evdə qalmaq barədə tövsiyələrinə baxmayaraq, ötən həftəsonlarında Şükranlıq Günü bayramından əvvəl – il ərzində ən gərgin dövrlərdən birində təqribən 1 milyon səyahətçi ölkə aeroportlarının nəzarət-buraxılış məntəqələrindən keçib.
AZƏRTAC-ın Vaşinqton bürosu