REGİONLAR
ABŞ-da birbaşa yayımlanan radio proqramda ölkəmizdəki tolerantlıq mühitindən və iqtisadi inkişafdan danışılıb
Qusar, 12 mart, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan haqqında reportajlar hazırlayan ABŞ-ın nüfuzlu “The Washington Times” qəzetinin müxbiri Monika Krouli və 77WABC radiosunun aparıcısı Con Baçelor Qusar rayonunda yerləşən Şahdağ Turizm Mərkəzi ilə tanış olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Şahdağ Turizm Mərkəzi” QSC-nin idarə heyətinin sədri Rodderix Mark Leffler tanınmış amerikalı jurnalistlərə müsahibə verərək, buradakı şərait, göstərilən xidmətlərin növləri və qiymətləri barədə ətraflı məlumat verib.
Qonaqların diqqətinə çatdırılıb ki, “Şahdağ” Turizm Mərkəzi 2012-ci ildə istifadəyə verilib. Mərkəz Azərbaycanda, eləcə də Qafqaz regionunda ən böyük dağ-xizək kurortudur. Turizm mərkəzi həm qış, həm də yay mövsümündə turistləri qəbul edir. Hazırda “Şahdağ” Turizm Mərkəzinin regional və daha irimiqyaslı təbliğatının aparılması, tanıdılması və buraya xarici turistlərin cəlb olunması məqsədilə bir sıra beynəlxalq turizm şirkətləri ilə işgüzar əlaqələr qurulur. Bunun nəticəsidir ki, bu məkana hər il xarici ölkələrdən on minlərlə turist gəlir.
Con Baçelor və Monika Krouli gecə saatlarında ABŞ-da birbaşa yayımlanan iki saatlıq radio proqramda efirə çıxaraq Azərbaycana səfərləri barədə təəssüratlarını bölüşüblər. Amerikalı jurnalistlər radio dinləyicilərinə ölkəmizdəki tolerantlıq mühiti, iqtisadi inkişaf, mədəniyyətlə bağlı məlumat veriblər.
Qonaqlar Qusara səfərləri çərçivəsində rayonunun digər görməli yerləri ilə də tanış olublar.
C.Baçelor və M.Krouli martın 11-də Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədəki sinaqoqda və Quba Soyqırımı Memorial Kompleksində də olublar.