ABŞ-da ibtidai məktəbdə radioaktiv tullantılar aşkar edilib
AzerTAg.az

Vaşinqton, 18 oktyabr, AZƏRTAC
“Boston Chemical Data Corp” şirkətinin yeni hesabatında bildirilir ki, Missuri ştatında Sent-Luis yaxınlığında yerləşən ibtidai məktəbdə xeyli radioaktiv tullantı aşkar edilib.
AZƏRTAC xəbər verir ki, “Boston Chemical Data Corp” şirkətinin tədqiqatçıları avqust ayında Florissanda (Missuri ştatı) yerləşən “Cana” ibtidai məktəbində torpaq, toz və bitki nümunələrini tədqiq ediblər.
Hesabatda bildirilir ki, “Boston Chemical Data Corp” şirkətinin araşdırmalarının nəticələri ilk dəfə 2018-ci ildə, sonra isə 2019, 2020 və 2021-ci illərdə həmin məktəbin yaxınlığında radioaktiv çirkləndiricilər aşkar etmiş ABŞ Ordusunun Mühəndis Korpusunun gəldiyi nəticələrlə üst-üstə düşür. Hesabatda deyilir: “Nəticələr göstərir ki, Kolduoter-Krik sahilində yerləşən bu obyekt aşağı səviyyədə radioaktiv çirklənməyə məruz qalıb”. Şirkət bildirib ki, yer səthindən 6 fut dərinlikdə torpaq nümunələri yoxlanılıb, lakin radioaktiv çirklənmənin nə dərəcədə dərinliyə nüfuz etməsi aydın deyil.
Mühəndislər həmin rayonda pəncərələri balaca çaya açılan evlərdən götürülmüş nümunələri təhlil ediblər. Məlum olub ki, “Cana” ibtidai məktəbində, qonşuluqdakı evlərin ətrafında və içərisində aşkar edilən radioaktiv material eyni tiplidir.
Toksik Maddələrin və Xəstəliklərin Qeydiyyatı Agentliyi 2019-cu ildə aşkar edib ki, həmin evlərə radioaktiv tullantılar yaxınlıqdakı çayın daşması nəticəsində düşüb. Şəhər sakinlərinin və məktəblilərin valideynlərinin bu xəbərə reaksiyası barədə hələlik bildirilmir.
AZƏRTAC–ın Vaşinqton bürosu
Xəbərin mətnində orfoqrafik səhv var