CƏMİYYƏT


ABŞ-da ilk dəfə Azərbaycan multikulturalizmi fənni tədris ediləcək

Bakı, 6 oktyabr, AZƏRTAC

ABŞ-da ilk dəfə Azərbaycan multikulturalizmi fənni tədris ediləcək.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ABŞ-ın Yuta ştatında səfərdə olan qurumun icraçı direktoru Rəvan Həsənov bir sıra mühüm görüşlər keçirib. Solt Leyk şəhərinin meri xanım Erin Mendenhall və Yuta Ştatının Senatının sədri Stüart Adams ilə görüşdə icraçı direktor Azərbaycanın multikulturalizm siyasəti, Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq təşkilatlarda geniş maraq doğuran qlobal təşəbbüsləri haqqında ətraflı məlumat verib.

Görüşdə 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad edilən tarixi torpaqlarımızda mədəni irsimizə qarşı törədilən vandalizm aktları və ərazilərimizin minalarla çirkləndirilməsi barədə də geniş məlumat verilib. Görüşlər zamanı Multikulturalizm Mərkəzinin ingilis dilində nəşr etdiyi Qarabağ, Şuşa və Qafqaz Albaniyası irsinə həsr olunan kitabları da hədiyyə edilib.

ABŞ səfəri çərçivəsində BBMM-in icraçı direktoru R.Həsənovun Brinqam Younq Universitetinin Hüquq və din fakültəsinin dekanı, professor Bred Şarf və Sosial elmlər fakültəsinin dekanı, professor Skot Miller ilə də görüşü baş tutub. Görüşdə 2023-cü ilin qış semestrdən etibarən, Brinqam Younq Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Azərbaycan dili və multikulturalizmi fənninin tədris olunması barədə qərar qəbul edilib. Bununla da ilk dəfə olaraq Azərbaycan dili və multikulturalizmi fənninin tədrisi ABŞ-da həyata keçiriləcək. Hazırda Brinqam Younq Universitetində 40 mindən çox tələbə təhsil alır.

Bu layihə ilə bağlı ilkin razılıq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycanın Los-Anceles şəhərindəki sabiq baş konsulu, hazırda Azərbaycan Respublikasının Almaniyadakı səfiri Nəsimi Ağayevin danışıqları sayəsində əldə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.