SİYASƏT


ABŞ-da keçirilən tədbirdə Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərindən danışılıb VİDEO

Vaşinqton, 11 may, AZƏRTAC 

Azərbaycanın ABŞ-dakı səfirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ABŞ-da yaşayan və fəaliyyət göstərən həmyerlilərimiz və səfirliyin əməkdaşları iştirak ediblər.

Mərasimdə çıxış edən səfir Elin Süleymanov əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyev barədə xatirələrini bölüşüb. Müasir, müstəqil və suveren Azərbaycan dövlətinin qurucusu Ümummilli Liderin müxtəlif dönəmlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlardan söz açıb, Ulu Öndərin Azərbaycanla ABŞ arasında münasibətlərin genişlənməsi və möhkəmlənməsi istiqamətində gördüyü işlərin ikitərəfli münasibətlərimiz üçün möhkəm zəmin yaratdığını qeyd edib.

Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi istiqamətində gördüyü işlərə toxunan səfir ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan söz açıb.

Daha sonra diplomat Azərbaycanın ABŞ-dakı səfirliyinin yerləşdiyi binanın ümummilli lider Heydər Əliyevin qərarı ilə alındığını diqqətə çatdırıb və bu binanın müstəqil Azərbaycan Respublikasının xaricdə diplomatik fəaliyyət üçün aldığı ilk mülk olduğunu vurğulayıb.

Uzun illərdir ABŞ-da yaşayan Azərbaycan icmasının fəal üzvlərindən olan Həbib Azərsina çıxış edərək Ümummilli Lider barəsində fikirlərini paylaşıb. Heydər Əliyevi hələ Sovet İttifaqı dövründən tanıdığını deyən H.Azərsina onun hər zaman vətənpərvərliyi, vətəninə, xalqına sevgisi ilə fərqləndiyini bildirib. ABŞ prezidentlərinin tərcüməçisi olaraq çalışmış H.Azərsina Ümummilli Lider kimi şəxsiyyəti tanıdığını və səfərlərdən birində ona tərcüməçilik etdiyini fəxrlə xatırlayıb.

Daha sonra Ümummilli Liderin anadan olmasının 96-cı ildönümü münasibətilə səfirliyin binasının ətrafında müxtəlif və rəngarəng güllər və çiçəklər əkilərək Ulu Öndərin əziz xatirəsi bir daha yad edilib. Beləliklə, ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə əkilən güllər Vaşinqtonda Azərbaycanı təcəssüm etdirən daha bir guşəni gözəlləşdirib.

Bundan başqa, Vaşinqtondakı İslam Mərkəzində yüzlərlə möminin iştirak etdiyi cümə namazından sonra ümummilli lider Heydər Əliyevin ruhuna dualar oxunub və ehsan süfrəsi təşkil olunub.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.