DÜNYA
ABŞ-da kilsədə baş verən silahlı insident zamanı iki nəfər həlak olub
Bakı, 17 iyun, AZƏRTAC
ABŞ-ın Alabama ştatındakı kilsədə silahlı insident nəticəsində azı iki nəfər həlak olub, bir nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə CNN telekanalı yerli polis orqanlarına istinadla məlumat yayıb.
Məlumata görə, hadisə Vestavia-Hills şəhərindəki yepiskop kilsəsində baş verib. Naməlum şəxs silahla kilsə binasına daxil olaraq dindarları atəşə tutub. Cinayəti törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb. Onun motivləri bəlli deyil.
Son zamanlar Birləşmiş Ştatlarda odlu silahdan istifadə edilməklə törədilən kütləvi cinayətlər fonunda hücum silahlarının dövriyyəsinin məhdudlaşdırılmasına və ümumilikdə silahlar üzərində nəzarətin gücləndirilməsinə çağırışlar artıb. Bir müddət öncə ABŞ Konqresinin demokratların nəzarətində olan Nümayəndələr Palatası ölkədə odlu silahların dövriyyəsinə nəzarəti gücləndirmək üçün daha radikal qanun layihəsini təsdiqləyib. Lakin sənədin respublikaçıların mövqeyinin güclü olduğu Senatdan keçəcəyi inandırıcı görünmür.
Xatırladaq ki, iyunun 1-də Afrika əsilli amerikalı Talsa şəhərindəki tibb mərkəzinin binasında tüfəng və tapança ilə insanlara atəş açıb və sonradan intihar edib. Hadisə nəticəsində beş nəfər həlak olub, 10 nəfər yaralanıb. May ayında isə Nyu-Yorkun Buffalo şəhərindəki ərzaq mağazasında silahlı şəxs on nəfəri qətlə yetirib. Elə həmin ay Texas ştatının Yuvalde şəhərində ibtidai məktəbə hücum 19 şagirdin və iki müəllimin ölümü ilə nəticələnib.