DÜNYA


ABŞ-da koronavirus bu qış daha 200 min insanın həyatına son qoya bilər

Bakı, 3 dekabr, AZƏRTAC

ABŞ-da pandemiya şəraitində ictimai səhiyyə sahəsi bu qış mövsümündə tarixinin ən çətin dövrünü yaşayacaq.

AZƏRTAC “Forbes” jurnalına istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərin Nəzarəti və Profilaktikası Mərkəzinin direktoru Robert Redfild Ticarət Palatasında çıxışı zamanı bildirib. O, qış fəsli ərzində ölkədə daha 200 minə yaxın koronavirus xəstəsinin həyatını itirəcəyini və fevral ayının sonlarına qədər pandemiya qurbanlarının sayının 450 min nəfərə çata biləcəyini proqnozlaşdırıb.

“The New York Times” qəzetinin məlumatına görə, ABŞ-da son iki həftə ərzində koronavirus səbəbindən ölüm hallarının sayı 31 faiz artıb. Dekabrın 2-də Birləşmiş Ştatlarda 98 min 691 koronavirus xəstəsi hospitala aparılıb ki, onların 20 faizi intensiv terapiya şöbələrinə yerləşdirilib, 7 faizi isə süni tənəffüs aparatlarına qoşulub.

Qeyd edək ki, pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, noyabrın 2-də ABŞ-da koronavirus səbəbindən rekord sayda – 2 min 831 nəfər vəfat edib. İndiyədək ölkədə 14 milyon 314 min 265 nəfər COVID-19 infeksiyasına yoluxub, 279 min 867 nəfər ölüb, 8 milyon 462 min 434 nəfər isə sağalıb. Müalicəsi davam edən 5 milyon 571 min 964 xəstədən 26 min 187 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Birləşmiş Ştatlar həm COVID-19 infeksiyasına yoluxma, həm də ölüm hallarının sayına görə dünyada ilk yerdə qərarlaşıb.

Qeyd edək ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.