DÜNYA
ABŞ-da koronavirus infeksiyası 500 mindən çox insanın həyatına son qoyub
Bakı, 17 fevral, AZƏRTAC
Fevralın 16-da ABŞ-da koronavirusa 63 min 398 yoluxma faktı qeydə alınıb, 1787 nəfər isə COVID-19 infeksiyası səbəbindən həyatını itirib.
AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, ABŞ-da koronavirus infeksiyası səbəbindən ölənlərin sayı 500 min 150 nəfərə çatıb.
Hazırda Birləşmiş Ştatlarda 28 milyon 385 min nəfər koronavirusa yoluxub, 18 milyon 481 min nəfər isə sağalıb. Müalicəsi davam edən 9 milyon 404 min 333 xəstədən 18 min 716 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Kaliforniya ştatı COVID-19 infeksiyasına yoluxanların sayına görə ilk pillədə qərarlaşıb - 3 milyon 485 min nəfər. Texasda 2 milyon 579 min, Floridada 1 milyon 837 min, Nyu-Yorkda 1 milyon 591 min, İllinoysda isə 1 milyon 164 min yoluxma halı qeydə alınıb.
Birləşmiş Ştatlar həm COVID-19 infeksiyasına yoluxma, həm də ölüm hallarının sayına görə dünyada ilk yerdədir.
Qeyd edək ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.