DÜNYA
ABŞ-da koronavirus pandemiyasına görə tətbiq edilən fövqəladə vəziyyət rejimi uzadılıb
Bakı, 19 fevral, AZƏRTAC
ABŞ Prezidenti Cozef Bayden koronavirus pandemiyası səbəbindən tətbiq edilən fövqəladə hallar rejimini uzatdığı barədə Konqresi məlumatlandırıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Cozef Bayden Nümayəndələr Palatasının spikerinə və Senatın sədrinə bu barədə müvafiq məktub göndərib.
“Ölkədə fövqəladə vəziyyətin davam etdirilməsinə ehtiyac var. COVID-19 pandemiyası ictimai sağlamlıq və təhlükəsizlik üçün xeyli risk yaradır”, - deyə Ağ Evin dərc etdiyi məktubda qeyd olunur. ABŞ prezidentinin sözlərinə görə, ölkədə 900 mindən çox insan koronavirusun qurbanı olub və ölümcül virusla mübarizəni davam etdirmək üçün bütün vasitələrdən, o cümlədən federal hökumətin imkanlarından istifadə etmək lazımdır.
Beləliklə, ABŞ-da COVID-19 pandemiyası ilə bağlı 2020-ci ilin mart ayında elan edilən fövqəladə vəziyyət rejimi 2022-ci il martın 1-dən sonra da qüvvədə qalacaq. Prezident fövqəladə vəziyyət rejiminin bitməsinə 90 gün qalmış onu uzatmaq barədə Konqresə bildiriş göndərmədiyi təqdirdə rejim avtomatik olaraq ləğv edilir.