DÜNYA
ABŞ-da orta məktəbdə atışma nəticəsində iki şagird həlak olub
Vaşinqton, 15 noyabr, AZƏRTAC
Noyabrın 14-də Kaliforniya ştatının Santa Klarita şəhərində yerləşən Sauqus orta məktəbində atışma baş verib. Atışma nəticəsində iki şagird həlak olub, üçü yaralanıb. Bu haqda şəhərin hüquq-mühafizə orqanlarının nümayəndələri xəbər verib.
Şəhər polisinin verdiyi məlumata görə, atışma səhər saat 7:30-da başlayan birinci dərs vaxtı baş verib. Los-Anceles dairəsinin şerifi Aleks Villanuevanın sözlərinə görə, insidentlə bağlı zəng polis şöbəsinə saat 7:38-də daxil olub. Polis işçiləri hadisə yerinə iki dəqiqəyə çatıblar. Yaralanan şagirdlərə təcili tibbi yardım göstərilib. Şübhəli şəxsi bir neçə dəqiqə axtardıqdan sonra məlum olub ki, o, yaralanan şagirdlərdən biridir. Los-Anceles dairəsinin polis kapitanı Kent Ueqener deyib ki, şübhəli şəxs başından güllə yarası aldığı üçün xəstəxanaya aparılıb. Polis iddia edir ki, o, iki şagirdi qətlə yetirəndən sonra özünə sui-qəsd etmək istəyib.
Qeyd olunur ki, ölən şagirdlərin 14 və 16 yaşları var. Zərərçəkənlər və şübhəli şəxs bir məktəbin şagirdləridirlər.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton