DÜNYA


ABŞ-da qeyri-leqal immiqrantlara pulsuz hüquqi məsləhətlər veriləcək

Vaşinqton, 27 yanvar, AZƏRTAC

Bayden administrasiyası yeddi sərhədyanı şəhərdə miqrantlara hüquqi xidmətlər təqdim etməyə hazırlaşır.

AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, miqrantlar üçün hüquqi xidmətlərin əlçatanlığının genişləndirilməsi Bayden administrasiyasının çoxdankı hədəfidir. “Legal Access at the Border” (“Sərhəddə hüquqi xidmətlərin əlçatanlığı”) adlanan yeni proqram miqrantları məhkəmə immiqrasiya prosesinə hazırlamağa kömək edəcək, lakin bu proqram miqrantlara vəkillər təqdim etməyəcək.

Rəsmən “Miqrantların müdafiəsi protokolları” adlanan yeni plan təkrar reallaşdırılan “Meksikada qalmaq” siyasətinə qoşulmuş miqrantları əhatə edəcək. Bu ayın əvvəlində administrasiyanın yüksəkvəzifəli məmurları jurnalistlərlə söhbət zamanı “Miqrantların müdafiəsi protokolları” proqramında qeydiyyata alınmış miqrantlar üçün hüquqi xidmətlərin genişləndirilməsi tədbirləri barədə məlumat veriblər.

Özəl firmalardan olan vəkillər yeni tanışlıq proqramı həyata keçirəcəklər, lakin bu proqram Ədliyyə Nazirliyinin immiqrasiyanın yoxlanması ofisi tərəfindən izlənəcək. Nazirliyin nümayəndəsi Ketrin Mattinqli bildirib ki, bu proqram “Access EOIR” təşəbbüsü adlanan daha geniş səylərin bir hissəsidir.

SAM.gov saytında dərc edilmiş sənədlərdən məlum olur ki, bu proqram sərhəd patrulunun nəzarətində olan ABŞ-Meksika sərhədini keçməyə çalışan miqrantlar üçün nəzərdə tutulur. Proqram Kaliforniya, Arizona və Texas ştatlarında həyata keçiriləcək. Administrasiya bu proqramın icrasına yaxın 60 gün ərzində başlamağa ümid edir.

Vəkillər miqrantların deportasiyası barədə qərar çıxarılması müddətində onların ABŞ-da olması variantlarını, habelə immiqrasiya məhkəməsinin ümumi praktika və prosedurlarını izah edəcəklər. Vəkillərin planlarında miqrantlar üçün fərdi və qrup halında məşğələlər, pulsuz göndəriş vərəqələri və distant hüquqi xidmət variantları nəzərdə tutulur.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.