DÜNYA


ABŞ-da törədilmiş dəhşətli terror aktından 20 il ötür

Bakı, 11 sentyabr, AZƏRTAC

2001-ci il sentyabrın 11-də ABŞ-da törədilmiş və bəşəriyyət tarixində o vaxtadək görünməmiş dəhşətli terror aktlarından 20 il ötür.

AZƏRTAC xəbər verir ki, ABŞ Prezidenti Co Bayden və xanımı Cill terror aktlarının 20-ci ildönümü ilə bağlı matəm tədbirlərində iştirak etmək üçün dünən Nyu-Yorka gəliblər. Bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

Bu gün Manhettendə terror qurbanlarının xatirə kompleksi önündə matəm mərasimi keçiriləcək.

Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də Əl-Qaidə qruplaşmasından olan 19 terrorçu ABŞ-da dörd sərnişin təyyarəsini ələ keçirmişdi. Onlardan ikisi Nyu-Yorkda həmin vaxt ən hündür göydələnlər olan Ümumdünya Ticarət Mərkəzinin qoşa binasına, üçüncü təyyarə Vaşinqtonun kənarında yerləşən Pentaqonun binasına yönəldilmişdi. Yenə də Vaşinqton istiqamətində uçan dördüncü təyyarə isə Şanksvill şəhəri yaxınlığında hədəfə çatmadan yerə çırpılmışdı. Bu terror aktlarında 90 ölkənin vətəndaşları olan 2977 nəfər həlak olmuş, 6 mindən çox insan yaralanmışdı.

Əl-Qaidə terror təşkilatının ovaxtkı lideri Usamə bin Laden terror aktları ilə əlaqəsini əvvəlcə inkar etmiş, lakin 2004-cü ildə hücuma görə məsuliyyəti öz üzərinə götürmüşdü. O, 2011-ci ildə ABŞ xüsusi təyinatlıları tərəfindən Əfqanıstanda aşkarlanmış və öldürülmüşdü.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.