DÜNYA
ABŞ-da trasda ammonyak sızması kütləvi zəhərlənmə ilə nəticələnib
Vaşinqton, 27 aprel, AZƏRTAC
Çikaqo traslarından birində baş vermiş ammonyak sızması insanların kütləvi zəhərlənməsinə gətirib çıxarıb.
AZƏRTAC xəbər verir ki, Leyk Forest şəhərinin yanğından mühafizə xidmətinin başçısı Mayk Qallonun sözlərinə görə, sızma yük maşınının yedəyə aldığı 2 ədəd ikitonluq susuz ammonyakın olduğu konteynerdə baş verib. Sızma nəticəsində əmələ gələn zəhərli bulud Çikaqonun mərkəzindən təxminən 65 kilometr şimalda Biç-Park şəhərinin üzərində bir neçə saat qalıb. Polis 37 nəfərin, o cümlədən hadisə yerinə gələn 11 yanğınsöndürənin xəstəxanaya yerləşdirildiyini bildirib. Onlardan 7 nəfərin vəziyyəti ağırdır. Zərərçəkənlərin əksəriyyəti nəfəsalma problemindən şikayətlənirlər.
Sakinlərə evlərində qalmaq və bütün pəncərələri bağlamaq əmri verilib. Yerli məktəblər də gün ərzində bağlanılıb. Günün sonunda hakimiyyət orqanları zəhərli buludun artıq dağılmasını təsdiqləyiblər.
Rəngsiz qaz olan susuz ammonyak nəfəsalmanı çətinləşdirir, yanıqların, suluqların əmələ gəlməsinə səbəb olur. Yüksək qatılıqlı susuz ammonyakla nəfəs almaq ölümlə nəticələnir. Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şura öz nümayəndələrini hadisənin araşdırılması üçün İllinoysa göndərib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton