SİYASƏT


ABŞ-da xristian icmasının aparıcı telekanalında Azərbaycanın tolerantlıq ənənələrindən danışılıb

Vaşinqton, 26 oktyabr, AZƏRTAC 

Son zamanlar erməni lobbiçiləri tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dini münaqişə kimi qələmə verilməsi hallarının artması müşahidə olunmaqdadır. Eyni zamanda, ABŞ-da xristian icmasının əsas telekanalı olan CBN-də ölkəmizin tolerantlıq ənənələrini əks etdirən veriliş yayımlanıb. Verilişdə ermənilərin münaqişəyə dini don geyindirmələrinin düzgün olmadığı bildirilib, Azərbaycanda tolerantlığın yüksək səviyyədə olması, burada çoxsaylı yəhudilərin yaşaması və İsraillə yaxın əməkdaşlıq münasibətlərindən bəhs edilir.

AZƏRTAC xəbər verir ki, telekanala müsahibə verən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov İslam Əməkdaşlıq Təşkilatının 57 üzvü arasında Azərbaycanın İsraillə ən yaxın dost ölkə olduğunu bildirib. Qeyd edilib ki, ölkəmizdə yaşı 2600 ili keçən yəhudi icması mövcuddur. Azərbaycanda müsəlmanlar, xristianlar, yəhudilər və digər dini icmalar sülh və dostluq şəraitində yaşayırlar.

Azərbaycanın İsraildən silah alması məsələsinə aydınlıq gətirən səfir qeyd edib ki, ölkəmiz açıq bazar prinsipi əsasında digər ölkələrlə yanaşı, İsraildən də silah alır. Səfir Azərbaycanın alınan silahların hərbi obyektlərin vurulması üçün nəzərdə tutulduğunu, mülki şəxsləri hədəfə almadığını dəfələrlə bəyan etdiyini diqqətə çatdırıb. Həmçinin İsraildəki dost və tərəfdaşlara ölkəmizin yanında olduqlarına görə təşəkkürünü bildirib.

Strategiya və Təhlükəsizlik üzrə Yerusəlim İnstitutunun professoru Efraim İnbar CBN-ə müsahibəsində bildirib ki, Azərbaycan İsrail üçün olduqca vacib ölkələrdəndir. Azərbaycan İsrailin neftə olan tələbatının 40 faizini ödəyir. Müsəlman ölkəsi olan Azərbaycanda yəhudilərə çox yaxşı münasibət göstərilir. İsrail müsəlman ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasında maraqlıdır. Professor qeyd edib ki, Azərbaycana silah ixracı İsrailin hasilatının böyük hissəsini təşkil edir.

AZƏRTAC-ın Vaşinqton bürosu

Vaşinqton 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.