CƏMİYYƏT
ABŞ-da yayımlanan “Otuz gündə İslamın otuz siması” Ramazan şousu İslam aləmində rəğbətlə qarşılanıb
Qahirə, 8 may, AZƏRTAC
ABŞ Etnik Anlaşma Fondunun prezidenti, ravvin Mark Şnayerin Birləşmiş Ştatlarda 49 milyon abunəçisi olan JBS (“Jewish Broadcasting Service”) kabel televiziyasında müqəddəs Ramazan ayında yayımladığı “Otuz gündə İslamın otuz siması” şousu müsəlmanlarla yəhudilərin həmrəyliyi mövzusuna həsr edilib.
AZƏRTAC xəbər verir ki, “Al-Arabiya” telekanalında hazırlanan xüsusi reportajda bu silsilə verilişlərin İslam aləmində rəğbətlə qarşılandığı bildirilir. Qeyd edək ki, efirdə videomesajı yayımlanacaq həmin 30 şəxsiyyət arasında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə də olacaq.
Körfəz ölkələri ilə sıx əməkdaşlıq edən M.Şnayderin bu layihəsində amerikalılara Ramazan ayının fəzilətləri haqqında ətraflı məlumat verilir. Müəllif qeyd edir ki, onun bu şousu ABŞ-da islamofobiyanın qarşısının alınması baxımından da mühümdür. Efirə gedən 30 verilişdə İslam alimlərinin görkəmli din xadimləri və siyasətçilərinin fəaliyyətindən bəhs edilir.
“Mən demək istəyirəm ki, koronavirus pandemiyası dövründə, ümumiyyətlə bütün zamanlarda yəhudilər və müsəlmanlar həmrəy olmalıdır. Ramazan ayınız mübarək!”, - deyə M.Şnayer “Al-Arabiya” telekanalına müsahibəsində deyib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə