DÜNYA


ABŞ daha bir optik-elektron kəşfiyyat peykini orbitə çıxarıb

Bakı, 27 aprel, AZƏRTAC

“Delta IV Heavy” ağır daşıyıcı raketi ABŞ-ın Milli Hərbi Kosmik Kəşfiyyat İdarəsinin maraqları çərçivəsində NROL-82 məxfi peykini orbitə çıxarıb.

AZƏRTAC ABŞ telekanallarına istinadla xəbər verir ki, bu barədə “United Launch Alliance” kompaniyası məlumat yayıb.

Daşıyıcı raket ABŞ Kosmik Qüvvələrinin Kaliforniya ştatındakı aviabazasından start götürüb. Peyk barədə məlumatlar məxfi saxlanılır. Lakin əldə olunan informasiyaya görə, elliptik orbitə çıxarılan növbəti kosmik aparat optik-elektron avadanlıqlarla təchiz olunmuş “KH-11 Key Hole” (“Açar dəliyi”) kəşfiyyat peykidir. 1,9 ton ağırlığında olan peykin missiyası ultra yüksək keyfiyyətli görüntüləri real zamanda ABŞ kəşfiyyatına ötürməkdir.

Kosmik aparatın əsas güzgüsünün diametri bir zamanlar “Lockheed Martin” kompaniyası tərəfindən hazırlanan “Hubble” kosmik teleskopunda olduğu kimi 2,4 metrdir.

Hazırda Birləşmiş Ştatların orbital qruplaşması KH-11 tipli altı ədəd ağır peykdən ibarətdir. Bundan öncəki peyk 2019-cu ilin yanvar ayında orbitə çıxarılmışdı. Əldə edilən məlumata əsasən, peyklərdən hər birinin qiyməti təxminən 2 milyard dollardır.

Qeyd edək ki, “United Launch Alliance” kompaniyası “Boeing” və “Lockheed Martin” korporasiyalarının Amerika kəşfiyyat orqanlarının maraqları çərçivəsində fəaliyyət göstərən birgə müəssisəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.