SİYASƏT
ABŞ-dakı Azərbaycan və türk diasporları yeni kampaniyaya başlamışlar
Bakı, 3 mart (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, ABŞ-dakı Azərbaycan və türk diasporları yeni kampaniyaya start vermişlər. Onlar ABŞ Prezidenti Barak Obamaya yüzlərlə məktub göndərmişlər.
Diasporlar ABŞ Prezidentindən ənənəvi Novruz təbrikində türk xalqlarının adının da qeyd olunmasını istəyirlər.
Məktubda deyilir: “Qafqazdan tutmuş Mərkəzi Asiyaya qədər yaşayan bütün türklər yazın gəlişini tərənnüm edən və minilliklərin sınağından keçmiş gözəl bayram olan Novruzu qeyd edirlər. Adətən Novruz 21 mart tarixinə - gecə və gündüzün bərabərləşdiyi günə düşür. Novruz Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın rəsmi bayramıdır. Digər türk xalqları - uyğurlar, yakutlar, qaraqalpaqlar, Qazan və Krım tatarları, başqırdlar, həmçinin yaz bayramını qeyd edirlər. Lakin hansısa səbəblərdən Azərbaycan, Türkiyə və digər türk xalqları 2006-2010-cu illərdə ABŞ Prezidentinin Novruz təbrikindən kənarda qalmışlar. Bu qədim bayram yalnız İran və Fars-Amerika cəmiyyətinə aid edilirdi.
Biz Obamanı Novruz təbrikində Azərbaycan və Türkiyəni də qeyd etməyə səsləyirik. Bu qədim, sülhpərvər ənənə bütün insanları yaxınlaşdırsın, sivilizasiyalar arasında dialoqu genişləndirsin, qarşılıqlı anlaşma və mədəni müxtəlifliyi inkişaf etdirsin”.