DÜNYA
ABŞ-dakı aktiv qazma qurğularının sayı artıb
Bakı, 29 dekabr, AZƏRTAC
Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı çoxalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 3 ədəd artaraq 1083 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 154 ədəd çoxdur.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 2 ədəd çoxalaraq 885 olub. Bu göstərici ölkədəki aktiv neft qazma qurğularının sayının 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatması deməkdir. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə neft qazma qurğularının sayı 138 ədəd artıb.
Ölkədəki aktiv qaz qazma qurğularının sayı isə bir ədəd artaraq 198 olub. 2017-ci ilin müvafiq dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 16 ədəd çoxalıb.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.