CƏMİYYƏT


ABŞ-dakı simpoziumda Azərbaycanın multikulturalizm siyasətindən danışılıb

Bakı, 4 oktyabr, AZƏRTAC

Oktyabrın 2-4-də ABŞ-ın Yuta ştatında Briqam Yanq Universitetinin təşkilatçılığı ilə “Dinlərin sülhyaratma prosesində rolu” mövzusunda beynəlxalq simpozium keçirilir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, simpoziumda 40-dan çox ölkənin rəsmi şəxsləri, alimləri, ekspert və din xadimləri iştirak edirlər.

Oktyabrın 3-də simpozium çərçivəsində “Azərbaycan və Ukrayna” adlı xüsusi panel təşkil olunub. Paneldə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov məruzə ilə çıxış edib. O, çıxışında Azərbaycanda din-dövlət münasibətləri, multikulturalizm siyasəti və bu istiqamətdə həyata keçirilən islahat və layihələr haqqında ətraflı məlumat verib. Eyni zamanda, Ermənistan tərəfindən işğal edilən torpaqlarda dağıdılan, vandalizmə məruz qalan Azərbaycanın mədəni irsi haqqında geniş məlumat verilib. Erməni kilsə rəhbərlərinin sülhə deyil, məhz müharibəyə, insanları öldürməyə çağırış etməsi faktı isə təəccüb və təəssüflə qarşılanıb. Rəvan Həsənov özünün də məcburi köçkün olaraq 30 il öz doğma evindən didərgin düşməsini və ərazilərin azad edildikdən sonra isə geri qayıdan zaman törədilən dağıntı və vəhşiliyin onda dəhşətli hisslər yaratdığını vurğulayıb.

Qeyd edək ki, simpoziumda ilk dəfə iştirak etməsinə baxmayaraq, xüsusi panelin ölkəmizə həsr olunması Azərbaycana olan maraq və diqqətin bariz göstəricisi idi.

Məruzənin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.