DÜNYA
ABŞ-dan Türkiyədə dövlət çevrilişinə cəhddən sonra aparılan araşdırmalarla bağlı açıqlama
Bakı, 20 iyul, AZƏRTAC
ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Mark Toner FETÖ terror təşkilatının uğursuz çevriliş cəhdindən sonra Türkiyədə başlanılan araşdırmalar zamanı çox sayda insanın nəzarətə götürülməsinin "aydın" və "qanuni" olduğunu bildirib.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Toner gündəlik mətbuat konfransında Türkiyədəki uğursuz çevriliş cəhdindən sonra baş verən proseslə bağlı sualları cavablandırıb.
Nazirliyinin sözçüsü deyib ki, Türkiyə hökuməti xalqının təhlükəsizliyini təmin etmək üçün dövlət çevrilişinə cəhd edənlərə qarşı araşdırmalar aparır.
Türkiyə hökumətini və xalqını anladığını deyən Toner qeyd edib ki, onlar çox ciddi təhlükə altında olduqlarını hiss edirlər. Eyni zamanda, bəhs edilən nəzarət qərarları diqqətimizdən qaçmır. Baş verən hadisələrdən sonra Türkiyə hökumətinə sakit və sabit olması, Türkiyə Konstitusiyasının tələb etdiyi demokratik standartlara uyğun, hüququn suverenliyi prinsipini güdməsi barədə müraciət etdik.