DÜNYA
ABŞ: dünyanın ən böyük təyyarəsi anqardan çıxıb
Bakı, 1 iyun, AZƏRTAC
Kaliforniya ştatının Moxave səhrasında dünyanın ən böyük təyyarəsi ilk dəfə anqardan çıxarılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat hava gəmisinin hazırlanması ilə məşğul olan “Stratolaunch” kompaniyası tərəfindən yayılıb.
Raket-daşıyıcısı buraxmağa qadir olan təyyarənin qanadlarının uzunluğu 117 metr, çəkisi 230 tondur. Hündürlüyü 15 metrə çatan layner 28 təkərdən ibarət şassi ilə təchiz edilib. Texniki parametrləri təyyarənin 250 tonadak yük daşımasına imkan verir.
“Stratolaunch” təyyarəsindən aşağı orbitli Pegasus XL daşıyıcı raketinin buraxılışı üçün hava platforması kimi istifadə etməyi planlaşdırırlar. Birinci mərhələdə layner bir raket aparacaq, perspektivdə isə onların sayı üçədək artırıla bilər.
Kompaniyadan bildirirlər ki, yaxın vaxtlarda hava gəmisinin yerüstü sınaqları keçiriləcək, ilk uçuşun nümayişi isə 2019-cu ilə planlaşdırılır.