DÜNYA
ABŞ fələstinliləri danışıqlardan imtina etməməyə çağırıb
Bakı, 8 dekabr, AZƏRTAC
Ağ ev fələstinliləri Mahmud Abbasın ABŞ-ın vitse-prezidenti Mayk Penslə dekabr ayına planlaşdırılan görüşünü təxirə salmamağa çağırıb.
AZƏRTAC BBC agentliyinə istinadla xəbər verir ki, bir qədər əvvəl Fələstin hökumətinin nümayəndəsi Pensin ölkəsində arzu edilməyən qonaq olduğu anlamına gələn ifadə işlədib. Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıması ərəb dünyasında sərt reaksiyaya səbəb olub. Fələstinlilər və israillilər arasında toqquşmalar başlayıb və intifadaya (üsyana) çağırışlar edilib. Dünən İordan çayının Qərb sahilində və Qəzzə sektorunda baş verən toqquşmalar nəticəsində 30-dan çox fələstinli yaralanıb.
Dekabrın 7-də Mahmud Abbasın liderlik etdiyi FƏTH hərəkatının yüksək vəzifəli üzvlərindən biri olan Cəbrayıl Racub ABŞ-ın vitse-prezidentinin Fələstin administrasiyasının başçısı ilə görüşünün dekabr ayında baş tutmayacağını bildirib. Mahmud Abbasın özü isə bu barədə şərh verməkdən yayınsa da, Trampın Qüds barədə qərarının ABŞ-ın Yaxın Şərqdə sülh prosesindən uzaqlaşdığı mənasına gəldiyini deyib.