SİYASƏT


ABŞ gələn il “Böyük Yeddiliyin” zirvə görüşünü Mayamidəki “Trump National Doral” kurortunda keçirəcək

Vaşinqton, 19 oktyabr, AZƏRTAC 

Ağ ev elan edib ki, Tramp administrasiyası “Böyük Yeddiliyin” zirvə görüşünü Mayamidə prezidentə məxsus “Trump National Doral” kurortunda keçirməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu mühüm tədbirin həmin kurortda keçirilməsini Prezident özü təklif edib. Zirvə görüşü iyunun 10-12-dək keçiriləcək.

Zirvə görüşü üçün həmin yerin seçilməsi dərhal Konqresdəki demokratlar tərəfindən mənfi reaksiya doğurub. Demokratlar və müstəqil siyasi icmalçılar Trampı tənqid ediblər ki, o, şəxsi mənafelərini xidməti fəaliyyəti ilə qarışdırır. Etika məsələləri üzrə müşahidəçi orqanlar kimi fəaliyyət göstərən təşkilatlar Tramp administrasiyasının bu addımını pisləyərək bildiriblər ki, bu, “xarici hökumətlərdən daxil olan pulları prezidentin cibinə yönəltmək cəhdi hiddət doğurur”.

Ağ evin aparat rəhbəri vəzifəsini icra edən Mik Malvani demokratların tənqidini təkzib edərək bildirib ki, “Trump National Doral” kurortu qonaqları ucuz qiymətə qəbul edəcək, yəni, nəzərdən keçirilən başqa obyektlərlə müqayisədə tədbirin burada keçirilməsi ikiqat ucuz başa gələcək.

Məlum olduğu kimi, Konqresdəki demokratlar bu yaxınlarda prezidenti məhkəməyə veriblər. Onlar iddia edirlər ki, Trampın şəxsi müəssisələri ABŞ Konstitusiyasında təsbit olunmuş, dövlət qulluqçularının, o cümlədən ABŞ Prezidentinin kənar mənbələrdən, o cümlədən xarici hökumətlərdən maddi mənfəət əldə etməsini qadağan edən müddəasını pozur. Konnektikut ştatından olan senator Riçard Blümental bildirib ki, “Böyük Yeddiliyin” zirvə görüşünün “Trump National Doral” kurortunda keçirilməsi barədə qərar indi həmin iddianın bir hissəsi olacaq.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Hüquq Komitəsinin rəhbəri, Nümayəndələr Palatasının Nyu-York ştatından olan üzvü demokrat Cerri Nadler öz bəyanatında vurğulayıb: “Administrasiyanın “Böyük Yeddiliyin” növbəti zirvə görüşünün Prezident Trampa məxsus “Trump National Doral” kurortunda keçiriləcəyi barədə bəyanatı prezidentin korrupsiyaya qurşanmasının ən hiddətləndirici nümunələrindən biridir. O, şəxsi maliyyə mənfəəti əldə etmək üçün öz ofisindən istifadə edir və ABŞ hökumətinin rəsmi qərarlarını qəbul edir. ABŞ Konstitusiyasının dövlət qulluqçularının kənar mənbələrdən maddi mənfəət almasını qadağan edən müddəaları məhz bu cür korrupsiyanın qarşısının alınmasını nəzərdə tutur”.

Prezidentin zirvə görüşləri üçün xüsusi mülkiyyətdən istifadə etməsi ilk dəfə deyil. Çin Prezidenti Si Cinpin və Yaponiyanın Baş Naziri Sindzo Abe də Tramp ilə Palm-Biçdə (Cənubi Florida) prezidentə məxsus “Mar-a-Lago” klubunda görüşüblər.

Zirvə görüşü günlərində həmin kurortdakı nömrələrin sutkalıq dəyəri 337-637 dollar həddindədir.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.