DÜNYA


ABŞ hakimiyyət orqanları xəbərdarlıq edir: davakar ekstremistlər karantin məhdudiyyətlərinin yumşaldılması fonunda terror aktları törədə bilərlər

Vaşinqton, 17 may, AZƏRTAC

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi tərəfindən dərc edilmiş məlumatda göstərilir ki, davakar ekstremistlər pandemiya dövründə məhdudiyyətlərin yumşaldılmasından istifadə edərək terror hücumları törədə bilərlər. Hakimiyyət orqanlarını narahat edən budur ki, məhdudiyyətlərin yumşaldılması ilə əlaqədar ictimai yerlərdə daha çox insan toplaşacaq, bu isə ekstremistlərin ürəyindəndir.

AZƏRTAC xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin xəbərdarlığında hər hansı konkret təhdidlərin adı çəkilmir, lakin irqi və ya etnik nifrət zəminində və ya xaricdən göstərilən təsir nəticəsində daxili terrorçulardan potensial təhlükə gözlənilməsi barədə söhbət gedir.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin bu il yanvar ayında dərc edilmiş əvvəlki bülletenində Donald Tramp tərəfdarlarının zorakılıq hərəkətləri törədə biləcəyi barədə xəbərdarlıq edilirdi. Qeyd olunurdu ki, Co Bayden prezident seçiləndən sonra Trampın tərəfdarları hökumətə zidd hərəkətlər törədə bilərlər. Belə bir fərziyyə vardı ki, yanvarın 6-da Kapitoli binası yanında baş vermiş iğtişaşlar ekstremistləri yeni hücumlar törətməyə sövq edə bilər.

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın tərəfdarları yanvarın 6-da Vaşinqtonda minlərlə insanın iştirak etdiyi etiraz aksiyası keçirib. Ötən il noyabrın 3-də keçirilmiş prezident seçkilərinin demokrat Co Baydenin qələbəsi ilə başa çatmasına etiraz edənlər Trampı dəstəkləmək üçün Konqres binasına soxulmuşdular. Etiraz aksiyasında iştirak edən bir qadın Konqres binasının daxilində iğtişaşlar zamanı polis tərəfindən güllələnmişdi. Bundan əlavə, tibbi xarakterli fövqəladə hadisə kimi tövsif edilmiş daha üç ölüm faktı qeydə alınmışdı. Lakin həmin hadisələr arasında hər hansı əlaqə olması müəyyən edilməyib. Toqquşma nəticəsində Kapitoli polisinin bir əməkdaşı da həlak olub. Bu hadisələrdən sonra Kapitoli kompleksinin perimetri boyunca metal hasar çəkilib və kompleksin ərazisini ABŞ Milli Qvardiyasının hərbi qulluqçuları mühafizə etməyə başlayıblar.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.