DÜNYA
ABŞ hərbçilərini Suriyadan təhlükəsiz çıxarmaq üçün bu ölkəyə əlavə qoşun göndərib
Bakı, 24 yanvar, AZƏRTAC
ABŞ hərbçilərini Suriyadan təhlükəsiz şəkildə çıxarmaq üçün bu ölkəyə əlavə qoşun kontingenti göndərib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Suriyaya göndərilən əlavə hərbçilərin hansı qoşun növünə aid olduğu məlum deyil. Amerika KİV-ləri ehtimal edir ki, ola bilsin, burada söhbət piyadalardan gedir. Onlar ABŞ Silahlı Qüvvələrinin şəxsi heyətinin və texnikasının Suriyadan çıxarılması zamanı hərbi obyektlərin mühafizəsini təmin edəcək.
Pentaqon hazırda Suriya ərazisində qalan amerikalı hərbçilərin sayını təhlükəsizlik nöqteyi-nəzərindən açıqlamır.
Xatırladaq ki, dekabrın 19-da ABŞ Prezidenti Donald Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılması barədə göstəriş verib. O, İŞİD qruplaşmasının məğlub edildiyini və qoşunların Suriyada mövcudluğunun yeganə səbəbinin məhz bu olduğunu bildirib. ABŞ rəsmilərinin sözlərinə görə, sayı 2 minə yaxın olan amerikalı hərbçilərin ölkədən çıxarılmasına 60-100 gün vaxt lazım gələcək.
Yanvarın 16-da Suriyanın şimalında yerləşən və kürd silahlılarının nəzarətində olan Münbiç şəhərində törədilmiş güclü partlayış nəticəsində 27 nəfər, o cümlədən 4 amerikalı hərbçi həlak olub. Partlayışın məsuliyyətini İŞİD qruplaşması öz üzərinə götürüb.