SİYASƏT


ABŞ hökuməti “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasını bir daha dəstəkləyib

Vaşinqton, 14 dekabr, AZƏRTAC

Dekabrın 11-də ABŞ Konqresi 1035 nömrəli qətnamə qəbul edib. Sənəddə, o cümlədən, vurğulanır ki, ABŞ hökuməti Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasını dəstəkləyir.

Qanun layihəsində deyilir ki, Xəzər dənizinin enerji resurslarının Cənubi və Mərkəzi Avropaya nəql edilməsi üçün Cənub Qaz Dəhlizi kimi marşrutlar vasitəsilə enerji resursları ilə təchizatın şaxələndirilməsi nəticəsində Avropanın enerji təhlükəsizliyinin dəstəklənməsi ABŞ-ın Avropaya münasibətdə uzunmüddətli siyasətinin əsas məqsədidir.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Vaşinqtonda Xəzər Siyasi Mərkəzinin Direktorlar Şurasının üzvü Robert Sekuta bu qətnamənin qəbul olunmasını və “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasının ABŞ hökuməti tərəfindən bir daha dəstəklənməsini şərh edib. Onun sözlərinə görə Nümayəndələr Palatasının 1035 nömrəli qətnaməsi inandırıcı şəkildə göstərir ki, “Cənub Qaz dəhlizi” layihəsinin üstünlükləri barəsində ABŞ-ın mövqeyi dəyişməyib.

Mərkəzi icraçı direktoru Əfqan Nifti isə, öz növbəsində, deyib ki, Cənub Qaz Dəhlizi Xəzər dənizində Azərbaycana məxsus yataqlardan çıxarılan enerji daşıyıcılarının Avropaya təhlükəsiz nəql edilməsinə mühüm töhfədir. O vurğulayıb ki, Azərbaycan və onun beynəlxalq tərəfdaşları ilə birlikdə ABŞ-ın da bu layihəni dəstəkləməsi mühüm amildir. Göstərilən dəstəyin bu yaxınlarda ABŞ Konqresi tərəfindən təsdiqlənməsi ABŞ-ın “Cənub Qaz Dəhlizi” layihəsinə tərəfdar olduğuna daha bir inandırıcı sübutdur.

Xatırladaq ki, 2013-cü ilin iyun ayında Ohayo ştatından olan konqresmen Maykl Törner ABŞ Konqresinə 284 nömrəli qanun layihəsi təqdim edib. Sənəddə Cənub Qaz Dəhlizinin açılması yolu ilə avropalı müttəfiqlərin enerji təhlükəsizliyinin təmin edilməsi və Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinə energetika sektorunun inkişaf etdirilməsi və Şərq-Qərb marşrutunda ticarətin genişləndirilməsi, bu ölkələr arasında beynəlxalq əlaqələrin möhkəmləndirilməsi məqsədilə zəruri infrastrukturun inkişaf etdirilməsi üçün həmin ölkələrə yardım göstərilməsi barədə ABŞ hökumətinin mövqeyi şərh edilir. Qanun layihəsi 2013-cü ilin sentyabr ayında Nümayəndələr Palatasının Avropa, Avrasiya məsələləri və yeni təhdidlər üzrə Altkomitəsinə təqdim edilib, lakin həmin qanun layihəsi hələ də səsverməyə qoyulmayıb.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.