DÜNYA
ABŞ-ın 5 milyondan çox sakini COVID-19 əleyhinə ikinci peyvəndləmədə iştirak etməyib
Vaşinqton, 27 aprel, AZƏRTAC
ABŞ-ın 5 milyondan çox sakini koronavirus əleyhinə vaksinin ikinci dozasını vurdurmayıb, bu isə yoluxmanın ehtimal edilən yeni dalğasının potensial səbəbinə çevrilə bilər.
AZƏRTAC ABŞ KİV-lərinə istinadla xəbər verir ki, 5 milyon nəfər, yəni ABŞ-ın bütün yaşlı sakinlərinin 8 faizi “Pfizer” və ya “Moderna” vaksinlərinin ikinci dozasının qəbulunda iştirak etməyib. İkinci dozanı vurdurmaqdan imtina edən şəxslərin bir hissəsi bunun səbəbini kənar təsirlərdən ehtiyat etmələrində və bir doza ilə kifayət qədər müdafiə olunduqlarını düşünmələrində görüblər.
Jurnalistlər tərəfindən rəyi soruşulanların bir hissəsi vaksinin əlçatan olmadığına görə ikinci dozanı qəbul etmədiklərini bildirib. Vaksinin birinci dozası insanı koronavirusdan müəyyən dərəcədə müdafiə edir, lakin o, koronavirusun ABŞ-da olan digər ştamlarından çox az halda və praktiki olaraq qorumur.
Bəzi ştatlar insanları vaksinin ikinci dozasını vurdurmağa həvəsləndirməkdən ötrü əlavə səylər göstərirlər. Məsələn, Arkanzasda və İllinoysda vaksinin ikinci dozasını insanlara xatırlatmaqdan ötrü xüsusi qruplar yaradılıb.
Xəstəliklərə nəzarət və onların profilaktikası üzrə mərkəzin məlumatına görə, ABŞ-da əhalinin 42 faizinə (bu, təqribən 138 milyon nəfərə bərabərdir) artıq koronavirus əleyhinə vaksinin ən azı bir dozası vurulub. 93 milyon nəfər isə (28 faiz) vaksinin hər iki dozasını qəbul edib.
AZƏRTAC-ın Vaşinqton bürosu