DÜNYA
ABŞ-ın Əfqanıstanda müharibəsini dəstəkləyən amerikalıların sayı azalır
Vaşinqton, 12 sentyabr, AZƏRTAC
Amerikada ictimai rəyi öyrənən Gellap İnstitutu 2001-ci il sentyabrın 11-də Birləşmiş Ştatlarda törədilmiş terror aktlarının ildönümü ərəfəsində aparılmış yeni sorğunun nəticələrini dərc edib.
AZƏRTAC xəbər verir ki, sorğunun nəticələrinə görə, Əfqanıstanda müharibəni dəstəkləyən amerikalıların sayı azalmaqda davam edir.
On səkkiz il bundan əvvəl “Əl-Qaidə” terror qrupunun ABŞ-da törətdiyi terror aktlarına cavab olaraq ABŞ terrorizmə qarşı müharibə çərçivəsində öz silahlı qüvvələrini Əfqanıstana yeridib.
Sorğu nəticəsində məlum olub ki, amerikalıların yarıdan çoxu, daha dəqiq desək, 52 faizi 2001-ci ildə Əfqanıstana Amerika qoşunları yeridilməsini düzgün hesab edir. Bu, 2015-ci ildə aparılmış sonuncu rəy sorğusunun nəticələrindən 2 faiz azdır. Bu qərarı düzgün hesab etməyən respondentlərin sayı isə 43 faiz, yəni əvvəlki sorğu ilə müqayisədə 1 faiz çox olub.
Qeyd olunur ki, bu münaqişəyə qoşulmağı səhv hesab edənlərin sayı demokratlar arasında 53 faiz , respublikaçılar arasında isə cəmi 25 faizdir.
Sorğu anketindəki suallardan biri belə idi: Əfqanıstanda müharibə amerikalıların həyatını daha təhlükəsiz edibmi? Respondentlərin 42 faizi, o cümlədən respublikaçıların 66 faizi bu suala müsbət cavab verib. Sorğuda iştirak edənlərin 46 faizinin fikrincə, indi amerikalılar özlərini daha az təhlükəsiz hiss edirlər. Sorğuda 2300 Amerika sakini iştirak edib.
Yusif Babanlı
AZƏRTAC–ın xüsusi müxbiri
Vaşinqton