DÜNYA
ABŞ-ın Əfqanıstandakı qoşun komandanlığı 30 dinc sakinin ölümünə səbəb olan dron hücumunu etiraf edib
Bakı, 20 sentyabr, AZƏRTAC
ABŞ-ın Əfqanıstandakı qoşun komandanlığı sentyabrın 19-da Nanqarhar vilayətində 30 dinc sakinin ölümünə səbəb olan dron hücumunu həyata keçirdiyini etiraf edib. AZƏRTAC Əl Cəzirə telekanalının saytına istinadla xəbər verir ki, həlak olanlar fındıq plantasiyalarının işçiləri olublar. Dron hücumları nəticəsində vilayətin Vəzir Təngi və Xogyani rayonlarında daha 40 nəfərin də yaralandığı bildirilir.
ABŞ-ın qoşun komandanlığının sözçüsü bildirib ki, dron hücumları Əfqanıstanın cənub sərhədlərində yerləşən “İslam dövləti” terrorçularının bazalarını məhv etmək məqsədilə həyata keçirilib. Polkovnik Soni Leqet qeyd edib ki, İŞİD terrorçuları məhz həmin ərazidə toplaşıblar. Onun sözlərinə görə, komandanlıq yerli hakimiyyət orqanları ilə hərbi əməliyyatın nəticəsində meydana gələn tələfatın miqdarını dəqiqləşdirir.
Əfqanıstanın Müdafiə Nazirliyi və Nanqarhar vilayət Şurasının üzvü Ataulla Xogyani də ABŞ qoşunlarının dron hücumları nəticəsində 30 nəfərin həlak olması faktını təsdiq ediblər. Qeyd edilib ki, hökumət bu insidentlə bağlı araşdırma aparır.