CƏMİYYƏT
ABŞ-ın Avropa Komandanlığının təmsilçiləri FHN-in qurumlarında görüşlər keçiriblər
Bakı, 15 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarında və “İzotop” xüsusi kombinatında ABŞ-ın Avropa Komandanlığının və Bakıdakı səfirliyinin nümayəndələri ilə görüşlər keçirilib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşlərin əsas məqsədi FHN-in aidiyyəti qurumlarının kimyəvi, bioloji, radioloji və nüvə insidentlərinə cavab tədbirləri barədə müzakirələrin aparılması, təlim və avadanlığa ehtiyacların müəyyənləşdirilməsi, həmçinin bu istiqamətdə növbəti beş il üçün iş planının hazırlanması olub.
Görüşlərdə nazirliyin Mülki müdafiə qoşunlarının və “İzotop” xüsusi kombinatının fəaliyyət istiqamətləri və iş prinsipləri, strukturu, həmçinin ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlər barədə qonaqlara ətraflı məlumat verilib. Bununla yanaşı, ABŞ-ın müvafiq dövlət qurumları ilə əlaqələrin daha da genişləndirilməsi, təcrübə mübadiləsinin təşkili məsələləri müzakirə edilib.
Qonaqlar aidiyyəti qurumlar arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Həmçinin əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsinin təşkili, təlimlərin keçirilməsi, müvafiq avadanlığın nazirliyə təqdim edilməsinin mümkünlüyü diqqətə çatdırılıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.