CƏMİYYƏT
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili ilə ANAMA-da görüş olub
Bakı, 18 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki müvəqqəti işlər vəkili Hüqo Qevara ilə görüşüb.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Agentliyin yaradılması, ümumi fəaliyyəti, İkinci Qarabağ müharibəsindən sonra qarşıya qoyulmuş yeni hədəfləri, eləcə də hökumət tərəfindən müəyyən olunan prioritetlərə əsasən Qarabağda icra edilən humanitar minatəmizləmə əməliyyatları barədə səfirə məlumat verilib.
Hüqo Qevara işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.
Görüş zamanı Amerika Birləşmiş Ştatları tərəfindən ANAMA-ya partlayıcı qurğuların təhlükəsi ilə mübarizədə mümkün töhfə verilməsi və Qarabağda təhlükəsiz mühitin yaradılması istiqamətində tərəfdaşlığın genişləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.