SİYASƏT


ABŞ-ın Azərbaycanla əlaqələrə yüksək dəyər verməsi Prezident İlham Əliyevin həyata keçirdiyi böyük siyasətin nəticəsidir

Bakı, 21 may, AZƏRTAC

Bu gün beynəlxalq birliyin ən fəal üzvlərindən birinə çevrilən Azərbaycan regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdür, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir.

Azərbaycanla ABŞ-ın tərəfdaşlıq bərabərlik, qarşılıqlı hörmət, enerji, müdafiə, təhlükəsizlik və digər sahələr daxil olmaqla 30 illik uğurlu əməkdaşlıq tarixi var.

ABŞ Azərbaycanın müstəqilliyini tanıyan və diplomatik əlaqələrimizin qurulduğu ilk dövlətlərdən biridir. Münasibətlərin inkişaf etdirilməsi üçün tərəflər arasında müxtəlif sənədlər imzalanmaqla genişmiqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi baza yaradılıb. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra iki ölkə arasında əlaqələr daha da güclənib, yüksək səviyyəli qarşılıqlı səfərlər və beynəlxalq təşkilatlar çərçivəsində görüşlər baş tutub.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyasının sədr müavini Yalçın Hacızadə deyib.

O bildirib ki, Azərbaycanın bu gün bir çox dövlətlər tərəfindən uğurlu layihə kimi qiymətləndirilən enerji şaxələnməsi siyasətinin dəstəklənməsində və həyata keçirilməsində ABŞ-ın rolu danılmazdır. Azərbaycanla ABŞ arasında enerji sahəsində 1994-cü ildə bağlanan “Əsrin müqaviləsi”ndə ABŞ şirkətlərinin yer alması ilə başlanan əməkdaşlıq, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən əsas ixrac neft və qaz kəmərlərinin tikintisində fəal iştirakı ilə davam edib. ABŞ Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində də siyasətini dəstəkləyir. Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən böyük ticarət tərəfdaşıdır, regionda birbaşa xarici sərmayələr ən çox Azərbaycana yatırılıb, Azərbaycanda 300-dən çox Amerika şirkəti qeydiyyatdan keçib.

“ABŞ-Azərbaycan münasibətlərində inkişaf etmiş sahələrdən biri də müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıqdır. Bu münasibətlər ikitərəfli və çoxtərəfli qaydada həyata keçirilir. ABŞ təhlükəsizlik sahəsində müxtəlif layihələr çərçivəsində Azərbaycana maddi və texniki dəstək verir. Azərbaycan isə beynəlxalq terrorçuluqla mübarizə və beynəlxalq sülhün təmin olunması sahəsində NATO ilə sıx əməkdaşlıq edir”, - deyə sədr müavini qeyd edib.

Onun sözlərinə görə, torpaqlarımızın işğaldan azad edilməsindən sonra regionda formalaşan yeni konfiqurasiyada Azərbaycanın sülhün və təhlükəsizliyin təmin olunmasında, Ermənistanla sülh müqaviləsinin bağlanmasında, Türkiyə və Azərbaycanın Ermənistanla əlaqələrin qurulmasında təşəbbüsləri ABŞ tərəfindən də qəbul olunur. Həmçinin ABŞ regionda barışın əldə olunması, kommunikasiya xətlərinin qurulması sahəsində Avropa İttifaqının da iştirakının tərəfdarıdır.

“ABŞ Prezidentinin Azərbaycanın Müstəqillik Günü münasibəti ilə Prezident İlham Əliyevə göndərdiyi məktubunda bütün bunların qeyd olunması, dünyada cərəyan edən bugünkü gərgin durumda Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəkləməsi, Azərbaycan Prezidentinin yürütdüyü siyasətin yüksək qiymətləndirilməsidir. ABŞ-ın Azərbaycanla əlaqələrə yüksək dəyər verməsi, əlbəttə, Prezident İlham Əliyevin regionda və dünyada sülhün təmin olunması, əlaqələrin qurulması, iqtisadi imkanlardan güc, silah kimi istifadə edilən enerji resurslarının ədalətli bölgüsü və əlçatanlığı sahəsində həyata keçirdiyi böyük siyasətin nəticəsidir”, - deyən Yalçın Hacızadə fikirlərini yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.