CƏMİYYƏT
ABŞ-ın Çikaqo Universitetinin professoru Nadim Fazal Azərbaycan Tibb Universitetində seminarlar keçirib
Bakı, 4 iyul, AZƏRTAC
Azərbaycan Tibb Universiteti (ATU) malik olduğu zəngin beynəlxalq münasibətləri çərçivəsində tibb sahəsində tanınmış mütəxəssisləri qonaq edir, dünya miqyaslı alimlərin müəllim və tələbələr üçün seminarlarını təşkil edir. Belə mütəxəssislərdən biri olan ABŞ-ın Çikaqo Universitetinin professoru, Amerika İmmunoloqlar Assosiasiyasının və Amerika Mikrobiologiya Cəmiyyətlərinin üzvü Nadim Fazal universitetin müəllimləri üçün müxtəlif mövzularda seminarlar keçirib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, N.Fazalın “Müəllimlərin dərs demək fəlsəfəsi”, “Kurikulumun xəritəsi”, “Müəllimlərin tələbələri öyrətmə üsulları” mövzularında etdiyi geniş və əhatəli çıxışları müəllimlər tərəfindən maraqla qarşılanıb. “Müasir tibbi təhsil” mövzusundakı növbəti seminarda inkişaf etmiş ölkələrin ali tibb təhsili müəssisələrində tədris zamanı əldə edilmiş yeniliklərin nəzəriyyə və təcrübədə necə öyrədilməsi məsələsinə geniş toxunulub. Professorun əldə edilən və tətbiq olunacaq yeniliklərin hansı mərhələlərlə həyata keçirilməsi, müəllimlərin onu tələbələrə çatdırması üsulları barədə səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.
Nadim Fazal çıxışlarında müasir üsullarla tədrisin təşkili, inkişaf etmiş ölkələrin ali təhsil müəssisələrində tətbiq olunan qaydalardan və özünün qazandığı çoxillik təcrübələrdən danışıb, konkret nümunələr göstərib.
Yekunda seminarların aktiv iştirakçılarına ATU rəsmiləri tərəfindən sertifikatlar verilib.
ATU-nun tədris və müalicə işləri üzrə prorektoru professor Sabir Əliyev, beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev, rektor müşaviri, dosent Zülfüqar Musabəyov, tədris şöbəsinin müdiri, dosent Samir Cavadovun iştirakı ilə keçən son toplantıda bu cür seminarların keçirilməsinin vacibliyindən və faydalarından danışılıb.