CƏMİYYƏT


ABŞ-ın Cənubi Karolina və Şimali Karolina ştatlarından alınan quşçuluq məhsullarına tətbiq olunan məhdudiyyət aradan qaldırılıb

Bakı, 4 avqust, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, OIE-nin məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Cənubi Karolina və Şimali Karolina ştatlarında qeydə alınmış aşağı patogen quş qripi xəstəliyi aradan qaldırılıb.

Bununla əlaqədar, OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, ABŞ-ın həmin ştatlarından bütün növ diri quş və quşçuluq məhsullarının idxalına tətbiq edilmiş məhdudiyyətin aradan qaldırılması ilə əlaqədar qərar qəbul edilib. Eyni zamanda aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinə məlumat verilib.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tövsiyə edir ki, quş qripi xəstəliyinin baş verməməsi üçün quşçuluq məhsullarının və quşların beynəlxalq ticarətinin aparılmasında ölkələrin epizootik vəziyyəti nəzərə alınmalı, quşçuluq təyinatlı istehsal müəssisələrində və həmin müəssisələrin daxil olduğu ərazilərdə daimi müşahidələr aparılmalı və baytarlıq-sanitariya tələblərinə əməl edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.