DÜNYA
ABŞ-ın Cənubi Koreyadakı qoşunları hərbi təlimləri dayandırmaq barədə göstəriş almayıb
Bakı, 12 iyun, AZƏRTAC
Amerikanın Cənubi Koreyada yerləşdirilən hərbi kontingenti Prezident Donald Trampın Sinqapurda keçirilən ABŞ-KXDR sammitindən sonra hərbi təlimləri dayandırmaq barədə heç bir göstəriş almayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Koreya Respublikasında yerləşən ABŞ qoşunlarının rəsmi nümayəndəsi polkovnik-leytenant Cenifer Lavett deyib. Onun sözlərinə görə, ABŞ-ın Cənubi Koreyadakı hərbi qüvvələrinin komandanlığı bu ilin payız aylarına planlaşdırılan “Ulchi Freedom Guardian” manevrlərinin də daxil olduğu hərbi təlimlərin yerinə yetirilməsi və ya dayandırılması barədə yeni göstərişlər almayıb.
“Müdafiə Nazirliyi və ya Hind-Sakit Okean komandanlığından (keçmiş Sakit Okean komandanlığı) yeni göstərişlər daxil olmayana qədər Cənubi koreyalı tərəfdaşlarımızla özümüzün cari hərbi konsepsiyamıza uyğun hərəkət edəcəyik”, - deyə Lavett sözlərinə aydınlıq gətirib.
İyunun 12-də, Sinqapur sammitindən sonra Donald Tramp Cənubi Koreya ilə müştərək hərbi təlimləri dayandırmaq barədə vəd verib. Bununla yanaşı o, Amerika qoşunlarının Cənubi Koreyada yerləşdirilməsi məsələsini Kim Çen Inla müzakirə etmədiyini deyib.
Qeyd edək ki, Koreya Respublikasında ABŞ-ın 28,5 min hərbçisi dislokasiya olunub.