REGİONLAR
ABŞ-ın Corctaun Universitetinin imamı Yəhya Hendi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib VİDEO
Quba, 14 mart, Elxan Yusifli, AZƏRTAC
“Amerika günləri” çərçivəsində ölkəmizə səfər edən ABŞ-ın Corctaun Universitetinin imamı Yəhya Hendi Qubada olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə rayon icra hakimiyyətində qonaqlara Qubanın tarixi, mədəniyyəti, yerli əhalisi və təbiəti haqqında məlumat verilib.
Sonra Corctaun Universitetinin imamı Yəhya Hendi və digər amerikalı qonaqlar Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət edərək, ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklərin bariz sübutları ilə tanış olublar.
Ziyarətçilərə 2007-ci ilin aprelində aşkarlanan Quba kütləvi məzarlığı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, kütləvi məzarlıqdan əksəriyyəti uşaq, qadın və qocalara məxsus olan 400-dən çox insanın sümükləri tapılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum olub ki, məzarlıqda kütləvi şəkildə basdırılanlar ötən əsrin əvvəllərində erməni silahlıları tərəfindən vəhşicəsinə qətlə yetirilən yerli sakinlərdir.
Jurnalistlərə müsahibə verən Yəhya Hendi Azərbaycan xalqının yaşadığı hüznün şahidi olduğunu bildirərək deyib: “Gördüklərimdən çox təsirləndim. Sülh üçün dua etdim. Dua etdim ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun”.
Azərbaycana ikinci dəfə olduğunu bildirən Yəhya Hendi ölkəmizin heyrətamiz dərəcədə dəyişdiyini də qeyd edib. Qonaqlar Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazıblar.
Daha sonra Yəhya Hendi Gənclər Mərkəzində “İslam - sülh dini” mövzusunda mühazirə ilə çıxış edib, gənclərin suallarını cavablandırıb.
Corctaun Universitetinin imamı Qubaya səfəri çərçivəsində “Ərdəbil” məscidində və dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədə də olub.