İQTİSADİYYAT
ABŞ-ın Enerji İnformasiya Administrasiyası: May ayında qlobal neft tələbatı tədarükdən daha yüksək olub
Bakı, 9 iyun, AZƏRTAC
May ayında qlobal xam neft ehtiyatları ilin ilk 4 ayına nisbətən daha yavaş tempdə olsa da azalmaqda davam edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb.
EIA bildirib ki, ötən ay “Brent” markalı xam neftin bir barelinin orta qiyməti isə 68 dollar olub.
“Hindistan başda olmaqla bəzi ölkələrdə COVID-19-a yoluxma sayının artmasına baxmayaraq, may ayında qlobal neft tələbatı tədarükdən daha yüksək olub. Bu, xam neft və neft məhsulları ehtiyatlarının qlobal miqyasda azalmasının davam etməsinə kömək edib”, - deyə agentlik qeyd edib.
EIA cari ildə OPEC-in xam neft istehsalının gündəlik 26,9 milyon barel və 2022-ci ildə isə 28,7 milyon barel təşkil edəcəyini proqnozlaşdırır. Artan qlobal neft tələbatı və OPEC-ə üzv bəzi ölkələrdə enerji istehsalı üçün neft istehlakında mövsümi artımlar fonunda kartelin həm iyun, həm də iyul aylarında hasilatı təxminən 1 milyon barel artıracağı gözlənilir. Bu, həm də İranın xam neft istehsalının cari ildə artmağa davam edəcəyi ehtimalını da özündə əks etdirir. İranın xam neft ixracını hədəf alan sanksiyalar qüvvədə qalsa da, hazırda ölkənin neft ixracı və istehsalı 2020-ci ilin əksər dövrlərindən çoxdur.