CƏMİYYƏT


ABŞ-ın Kaliforniya Universitetinin mütəxəssisi Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının fəaliyyəti ilə tanış olub

Bakı, 14 sentyabr, AZƏRTAC 

ABŞ-ın Kaliforniya Universitetinin Stomatologiya məktəbinin Təcrübə qruplarının rəhbəri Mitra Simanian Azərbaycan Tibb Universitetində (ATU) olub.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, implantologiya və kosmetik stomatologiya üzrə mütəxəssis M.Simanian əsasən universitetin Tədris Stomatoloji Klinikasının fəaliyyəti ilə tanış olub.

Görüşdə klinikanın direktoru Alqış Səfərov qonağa rəhbərlik etdiyi klinikanın işi haqqında geniş məlumat verib. O, qeyd edib ki, universitetin ilk klinikası olan Stomatoloji Klinika 138 kabinet və geniş monitorlarla təchiz olunmuş 3 mühazirə zalından ibarətdir. Stomatoloji klinikada 6 kafedra və 9 şöbə fəaliyyət göstərir.

A.Səfərov burada tələbələrin təhsili və praktik bilgilər əldə etməsi üçün yaradılan şəraitdən də bəhs edib: “Klinikada tələbələr tərəfindən praktik işlərin aparması üçün geniş tədris-treninq mərkəzi və fantom tədris kabinetləri yaradılıb. Tələbə və rezidentlər rahatlıqla burada işləyirlər. Tələbələr müasir stomatoloji qurğularla təchiz edilmiş kabinetlərdə təcrübə dərsləri keçir və praktiki vərdişlər əldə edir, müxtəlif əməliyyatların yerinə yetirilməsində iştirak edirlər. Onlar stomatologiyada istifadə olunan ən son model ləvazimat və materiallardan istifadə edirlər”.

ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev universitetdə təhsil alan xarici tələbələr haqqında məlumat verib. O, qeyd edib ki, xarici tələbə sayına görə Azərbaycan Tibb Universiteti ölkəmizdə lider mövqedədir: “Hazırda ATU-nun 23 ölkədən 2 minə yaxın əcnəbi tələbəsi var. Universitetimizdə Türkiyədən, İrandan, Gürcüstandan, İraqdan, Böyük Britaniyadan, Rusiyadan, Çindən və digər ölkələrdən tələbələr təhsil alırlar. Onlar arasında qonşu ölkələrdən gələnlər üstünlük təşkil edir”.

Qonaq ATU-nun Tədris Stomatoloji Klinikasında olmaqdan məmnunluğunu ifadə edib.

Görüşdən sonra qonaq klinika ilə tanış olub, kabinetləri gəzib, tədris-treninq mərkəzini ziyarət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.