QAN YADDAŞI


ABŞ-ın “Marco Eagle” qəzetində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalə dərc edilib

Vaşinqton, 11 aprel, AZƏRTAC 

ABŞ-ın “Marco Eagle” qəzetində Türk icmasının üzvü Sumer Aygenin məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, 1918-ci ilin martında Azərbaycanda baş vermiş hadisələrə həsr edilmiş məqalə Amerika ictimaiyyətini azərbaycanlıların soyqırımı haqqında məlumatlandırmaq məqsədilə ABŞ Azərbaycanlılar Şəbəkəsinin hər il keçirdiyi kampaniya əsasında hazırlanıb.

Yazıda qeyd edilir ki, azərbaycanlıların soyqırımı 1918-ci il 31 mart -1 aprel tarixlərində etnik azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsini, habelə XIX və XX əsrlərdə Azərbaycan xalqına böyük məşəqqətlər gətirmiş digər faciəli hadisələri əhatə edir. Tarixçilərin hesablamalarına görə, illər boyu baş vermiş soyqırımı nəticəsində həlak olmuş azərbaycanlıların ümumi sayı 500 min nəfərdən çoxdur. Qeyd olunur ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndən sonra “Mart hadisələri” Cümhuriyyət hökuməti tərəfindən araşdırılıb, 1919-cu və 1920-ci illərdə isə 31 mart tarixi Milli Matəm Günü kimi qeyd olunub.

Sovet hakimiyyəti illərində Azərbaycan xalqı azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edə bilmirdi, lakin dövlət müstəqilliyinin bərpasından sonra bu faciənin ildönümləri həm ölkədə, həm də xaricdə qeyd olunur. 1998-ci ildə isə Prezident Heydər Əliyevin Fərmanı ilə 31 mart tarixi hər il Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Bu soyqırımı tarixdə “1918-ci ilin Mart hadisələri” adı ilə də məşhurdur. Bu qırğın Stepan Şaumyanın rəhbərliyi və bolşeviklərin köməyi ilə “Erməni inqilabi federasiyası” (Daşnaksütyun) silahlı dəstələri tərəfindən Bakı, Şamaxı, Quba, Göyçay, Lənkəran və onlara yaxın yaşayış məntəqələrində dinc azərbaycanlı əhaliyə qarşı törədilib. Erməni millətçilər Qubada yüzlərlə Azərbaycan yəhudisini də amansızcasına məhv ediblər.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.