CƏMİYYƏT


ABŞ-ın Marşal İrsi İnstitutu Azərbaycana daha səkkiz minaaxtaran it göndərib

Bakı, 1 dekabr, AZƏRTAC

İşğaldan azad edilən Qarabağda minatəmizləmə əməliyyatlarına Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) daha səkkiz iti cəlb olunacaq.

ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla da ABŞ-ın Marşal İrsi İnstitutu tərəfindən Agentliyə verilən itlərin sayı 20-yə çatıb. Yerdə qalan 10 itin ANAMA-ya təhvili 2022-2023-cü illərdə gözlənilir.

Xatırladaq ki, bu il avqustun 26-da Marşal İrsi İnstitutu ilə ANAMA arasında imzalanmış anlaşma memorandumu çərçivəsində həmin institut tərəfindən Agentliyə 30 itin təhvil verilməsi planlaşdırılırdı.

Göndərilən itlərin altısı ANAMA-nın, qalan ikisi isə Marşal İrsi İnstitutu tərəfindən cəlb edilən donorların maliyyə dəstəyi ilə alınıb.

Öncədən göndərilən minaaxtaran itlər Agentliyin Horadiz Regional Mərkəzində bələdçisi ilə uyğunlaşma təlimi və Beynəlxalq Minatəmizləmə Standartları üzrə akkreditasiyadan keçirilərək, işğaldan azad edilən ərazilərdə əməliyyatlara cəlb olunublar.

Minatəmizləmə əməliyyatlarında əsasən alman ovçarkası və Belçikanın Malinua cinsindən olan itlərə üstünlük verilir. Minaaxtaran itlərlə olunan dil ingilis və holland dilləridir. İtlər üç ayından etibarən onlar üçün ayrılmış xüsusi oyun meydançasında təlimlərə başlayır. On səkkiz ayınadək dördayaqlı köməkçilər müxtəlif növ partlayıcı qurğuların aşkarlanması bacarığına yiyələnirlər. Sonda akkreditasiyadan keçmiş minaaxtaran itlər və bələdçisi sahə əməliyyatlarına cəlb olunur.

Minaaxtaran itlər işə cəlb olunmazdan əvvəl bütün tibbi amillər nəzərdən keçirilir və itin sağlamlığı barədə sertifikat əldə edilir. Əməliyyatlarda iştirak edən minaaxtaran itlər tam sağlam olmalıdır. Həmçinin baytar nəzarəti altında itlər altı ayından etibarən qrafik üzrə və region dəyişikliyi zamanı peyvənd edilirlər.

Əllə və mexaniki vasitələrlə təmizləmə əməliyyatları ilə birgə xüsusi təlim keçmiş minaaxtaran itlərin də ərazilərin minalardan təmizlənməsində və insan həyatının xilas edilməsində rolu əvəzsizdir. Minaaxtaran itlər təmizləmə əməliyyatlarında, texniki tədqiqatda, şübhəli sahələrin qısaldılmasında, mexaniki yolla yoxlanılmış sahələrdə aparılan keyfiyyətə nəzarət prosedurlarında istifadə olunur.

Qeyd edək ki, itlərin Azərbaycana gətirilməsi “Silk Way West Airlines” şirkəti tərəfindən təmənnasız olaraq mərhələli şəkildə həyata keçirilir.

ANAMA ilə sıx əməkdaşlıq çərçivəsində 2005-ci ildən etibarən Marşal İrsi İnstitutu agentliyin minaaxtaran itlərinin potensialının artırılmasına dəstək verir. Marşal İrsi İnstitutu tərəfindən keçirilən “Minatəmizləmə və insan həyatının xilas edilməsi” yarışında fərqləndiyinə görə müxtəlif illərdə agentliyin üç minaaxtaran iti qalib seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.