REGİONLAR
ABŞ-ın Milvauki vilayətində “Şərq qapısı” qəzetinin 95 illik yubileyi münasibətilə bəyannamə qəbul edilib
Naxçıvan, 20 sentyabr, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarının Milvauki vilayətində Naxçıvan Muxtar Respublikasında dərc olunan “Şərq qapısı” qəzetinin 95 illik yubileyi münasibətilə hökumət bəyannaməsi qəbul edilib.
AZƏRTAC xəbər verir ki, bəyannamə amerikalı jurnalist və tədqiqatçı Peter Tasenin Milvauki vilayətinin rəhbəri Kris Abeleyə müraciəti əsasında qəbul olunub.
Bəyannamədə deyilir ki, Naxçıvan Muxtar Respublikasının “Şərq qapısı” qəzeti Azərbaycan Respublikasında olan ən yaxşı kütləvi informasiya vasitələrindən biridir: “1990-cı ilin əvvəllərindən başlayaraq “Şərq qapısı” qəzeti ölkədə müstəqilliyin bərpa edilməsinə tərəfdar olub və dəstəkləyib. “Şərq qapısı” qəzeti Naxçıvan Muxtar Respublikasına qarşı tətbiq olunmuş informasiya blokadasının azaldılmasında mühüm rol oynayıb. 2000-ci ilin mart ayından başlayaraq “Şərq qapısı” qəzeti üçün yeni inkişaf mərhələsi başlayıb. 2010-cu il iyulun 22-dən etibarən “Şərq qapısı” qəzetində yeniliklər tətbiq olunub və qəzetin rəngli nəşrinə başlanılıb. Hazırda qəzet həftədə beş dəfə nəşr edilir.
Bu məqsədlə mən, Milvauki dairəsinin rəhbəri Kris Abele Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əlaqələri dəstəkləyən “Şərq qapısı” qəzetinin 95 illik yubileyini təntənəli şəkildə qeyd edərək, qəzetin təsisçisini, redaksiya heyəti və oxucularını təbrik edirəm”.
Qeyd edək ki, Peter Tase Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərir, Naxçıvan Muxtar Respublikasının tarixi, abidələri, mədəniyyəti, müasir sosial-iqtisadi inkişafı ilə bağlı dünyanın nüfuzlu mətbuat orqanlarında yazılarla çıxış edir.