RƏSMİ XRONİKA
ABŞ-ın Missuri ştatı Senatının üzvü Coli L. Yustusdan
Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik etməkdən böyük məmnunluq duyuram. Seçkilərdə qazandığınız inamlı qələbə Azərbaycanda demokratiyanın inkişafında yeni mərhələ və Sizin güclü rəhbərliyinizin göstəricisidir.
ABŞ ilə Azərbaycan Respublikası arasında ümumi maraqlara və məqsədlərə söykənən dinamik tərəfdaşlıq mövcuddur. Biz, terrorizmə qarşı mübarizədə, tolerantlığın inkişafında birgə səylər göstərmişik. ABŞ regional əmin-amanlıq və təhlükəsizliyin inkişafında Azərbaycanın rolunu yüksək qiymətləndirir. Bir amerikalı kimi mən ölkənizin ABŞ-ın Əfqanıstan, İraq və Kosovoda apardığı sülhməramlı əməliyyatlara verdiyi töhfələrə görə minnətdaram.
Bu yaxınlarda Azərbaycana səfər etmək, yüksək qonaqpərvərlik və mehribanlıqla qarşılanmaq şərəfinə nail olmuşam. Azərbaycanın görməli yerlərinə baş çəkməkdən, ölkənizin qədim tarixi mədəni irsi ilə tanış olmaqdan çox məmnunam.
Cənab Prezident, Zati-alinizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırır, ölkənizi irəliyə doğru aparmaqda Sizə uğurlar diləyirəm.
Dərin hörmətlə,
Coli L. Yustus
ABŞ-ın Missuri ştatı Senatının üzvü