ELM VƏ TƏHSİL
ABŞ-ın “Next Level” hip-hop qrupu Bakı Amerika Mərkəzində olub
Bakı, 19 oktyabr, AZƏRTAC
Ölkəmizdə səfərdə olan, ABŞ-ın “Next Level” hip-hop qrupu oktyabrın 19-da Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Bakı Amerika Mərkəzində konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, konsert proqramı ABŞ-ın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə həyata keçirilən “Next Level Azerbaijan” proqramı çərçivəsində təşkil olunub.
Tədbirdə səfirliyin mədəniyyət və təhsil işləri üzrə müşaviri Haydi Smit “Next Level” qrupu haqqında məlumat verib. Bildirilib ki, qrup ABŞ Dövlət Departamentinin, bu ölkənin Şimali Karolina Universitetinin və Meridian Beynəlxalq Mərkəzinin birgə təşəbbüsü ilə yaradılıb. Qrupun təsis olunmasının əsas məqsədi hip-hop musiqi janrı və rəqsindən mədəniyyətlərarası mübadilənin genişləndirilməsində istifadə etməkdir.
Diqqətə çatdırılıb ki, proqramın əsas məqsəd ölkələrimiz arasındakı mədəni əlaqələri genişləndirməkdir.
Sonra “Next Level” qrupu istedadlı gənc ifaçılarımızla birgə hip-hop musiqi janrı ilə Azərbaycan muğamını sintez şəklində səsləndiriblər.
Qeyd edək ki, “Next Level” qrupu oktyabrın 27-də Rəşid Behbudov adına Mahnı Teatrında, oktyabrın 28-də isə Mingəçevir Dövlət Dram Teatrında ödənişsiz konsert proqramı ilə çıxış edəcək.